|  Ana səhifə  |  Justice.az haqqında  |  Hüquqi məsləhət  |  Müqavilə nümunələri  |  Vəkil Qurumları  | 



Create an account
Forgot Your Password?







HÜQUQİ ŞƏXSLƏRİN QEYDİYYAT MƏSƏLƏLƏRİ ÜZRƏ

METODİK VƏSAİT

Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanlar

Kommersiya və qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı aidiyyatı üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun tabeliyində olan hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Lənkəran, İmişli, Bərdə, Şəmkir, Göyçay, Zaqatala bölgə şöbələri, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və dini qurumlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daxil olmaqla 13 qeydiyyat orqanı tərəfindən aparılır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ali və orta təhsil müəssisələrinin, siyasi partiyaların, fondların, bankların, sığorta təşkilatların, ictimai birliklərin, peşələr, sahələr üzrə həmkarlar ittifaqı birliklərinin, həmkarlar ittifaqlarının ərazi birliklərinin, xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir.

Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri qeydiyyatı Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilən təşkilatlar istisna olmaqla, yerli investisiyalı kommersiya hüquqi şəxslərinin, sudan istifadəçilər assosiasiyaları ictimai birliklərinin, həmkarlar ittifaqının ilk təşkilatlarının dövlət qeydiyyatını həyata keçirirlər.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında təsis edilən siyasi partiyalar, dini qurumlar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, bütün hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərin dövlət qeydiyyatı üzrə səlahiyyətləri həyata keçirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini qurumların dövlət qeydiyyatını həyata keçirir.

Hüquqi şəxslərin növləri

Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsləri və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qeyri-kommersiya hüquqi şəxsləri ola bilər.

Kommersiya hüquqi şəxsləri tam ortaqlıq və ya kommandit ortaqlığı, məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyət, kooperativ formasında yaradıla bilər.

Qeyri-kommersiya hüquqi şəxsləri ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və qanunvericiliklə nəzərdə tutulmuş digər formalarda yaradıla bilər.

Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı

Yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə müvafiq qeydiyyat orqanına (aidiyyatdan asılı olaraq) ərizə ilə müraciət edilməlidir.

Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:

təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda - habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;

hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;

dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin vətəndaşlığı, adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatlar;

hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair sənədlər).

Qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə yol verilmir. Xarici kommersiya hüquqi şəxslərinin nümayəndəlik və ya filiallarının qeydiyyatı Xarici kommersiya hüquqi şəxslərinin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və ya ərazi aidiyyatı üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir.  Ərizə təsisçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:

xarici hüquqi şəxsin adı, olduğu yer və qeydiyyat nömrəsi;

ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda - onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.

Ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə edilir:

nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);

nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;

nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən təmsilçilərə verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

nümayəndəlik və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd.

Qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə yol verilmir.

 Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı

Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı kommersiya qurumlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və ya ərazi aidiyyatı üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir.

Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizədə aşağıdakılar göstərilir:

təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda - habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.

Ərizəyə aşağıda qeyd edilən sənədlər əlavə olunur:

hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;

hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;

dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

təsisçi qismində çıxış edən hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);

təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış, vətəndaşı olduğu və ya daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd;

hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair sənədlər).

Qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə yol verilmir.

Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin notariusunda təsdiq edildiyi halda, qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır.

Qeyd: Müştərək kommersiya qurumlarının yaradılması zamanı da xarici investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydaları tətbiq olunur.

Sənədlərin leqallaşdırılması tələb olunmayan hallar

Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli Qanununa əsasən Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmuşdur. Həmin Konvensiyaya əsasən iştirakçı dövlətlərdən daxil olan sənədlərin leqallaşdırılması tələb olunmur.

Həmçinin, Azərbaycan Respublikası ilə bağlanmış hüquqi yardım haqqında müqavilələrə əsasən Rusiya Federasiyası, Türkiyə Jümhuriyyəti və s. ölkələrdən təqdim olunan sənədlərin leqallaşdırılması tələb olunmur.

Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlardan istifadə edirlər.

Kommersiya hüquqi şəxslərin nizamnamə kapitalı

Tam ortaqlıq və ya kommandit ortaqlığı, məhdud və ya əlavə məsuliyyətli cəmiyyətlər, kooperativ üçün nizamnamə kapitalının minimum məbləği müəyyən edilməmişdir.

Səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi - qapalı səhmdar cəmiyyəti üçün 2.000 AZN, açıq səhmdar cəmiyyət üçün isə 4.000 AZN məbləğində müəyyən olunmuşdur.

Yeni yaranan sığortaçılar üçün nizamnamə kapitalının minimum məbləği 1.000.000 AZN, təkrar sığortaçılar üçün 2.000.000 AZN, banklar üçün isə 5 milyon ABŞ dolları təşkil edir.

Kredit ittifaqlarının nizamnamə kaptalının minimum məbləği 4.000 AZN, dağlıq və yüksək dağlıq rayonlarda "Dağlıq və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi" Proqramı üzrə yaradılacaq kredit ittifaqlarının nizamnamə kapitalının minimum məbləği isə 500 AZN müəyyən edilmişdir.

Dövlət rüsumunun dərəcələri

Bankların, bircaların, sığorta təşkilatlarının, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün 220 AZN, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən qurumların qeydiyyatı üçün 2,2 AZN, digər hüquqi şəxs statusu almaq istəyən qurumların qeydiyyatı üçün isə 11 AZN məbləğində dövlət rüsumu ödənilməlidir.

Dövlət rüsumu Baş Dövlət Xəzinədarlığının Milli Bankdakı aşağıdakı hesablarından birinə köçürülə bilər:

Azərbaycan manatı hesabı - 0132030001031;

ABŞ dolları hesabı - 0132130001840;

İngilis funt sterlinqi hesabı - 0132130002826;

Rusiya rublu hesabı - 0132130009810;

Qeyri-kommersiya (qeyri-hökumət) qurumlarının qeydiyyatı

Qeyri-kommersiya (qeyri-hökumət) hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və ya ərazi aidiyyatı üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, sudan istifadəçilər assosiasiyasının, ilk həmkarlar ittifaqlarının qeydiyyatı ilə bağlı isə Ədliyyə Nazirliyinin müvafiq bölgə şöbəsinə ərizə ilə müraciət edilməlidir.

Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizədə aşağıdakılar göstərilir:

təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda - habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;

hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi ( təsisçilər) tərəfindən imzalanmış qərar;

dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin vətəndaşlığı, adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatlar;

hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd.

Qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə yol verilmir.

Xarici ölkə qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatı üçün xarici kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının qeydiyyatı zamanı tələb edilən sənədlər təqdim olunmalıdır. Bu halda əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı alınmalıdır.